Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qaynaq kəndində Şəhid Əkbərov Vüqar Əskər oğlunun ailəsini ziyarət edib

23 may 2024 | 12:53

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaynaq kəndində Birinci Qarabağ müharibəsi şəhidi Vüqar Əskərovun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

Şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan  rayon rəhbəri tərtərlilərin tarix yazan Vüqar kimi oğulları ilə fəxr etdiyini bildirib.

Qeyd edək ki, şəhid Əkbərov Vüqar Əsgər oğlu 1971-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Doğulduğu kənddə 8 illik məktəbi bitirib. Təhsilini 96 №-li Texniki Peşə Məktəbində davam etdirib. 1989-1991-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1992-ci ilin sentyabr ayında Ağdərə Polis Şöbəsində işə qəbul edilib. O dövrdə Ağdǝrǝ polis şöbəsi hərbçilərlə birgə bölgədə erməni faşistlərinə qarşı döyüşmək tapşırığı almışdı. Torpaqlarımızın azad edilməsində bilavasitə iştirak etmək tapşırığı almış Ağdərə polisinin bütün əməkdaşları kimi Vüqar Əkbərov da erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edirdi. 1992-ci il dekabr ayının 14-də keçmiş Ağdərə rayonunun Çıldıran kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Subay idi. Qaynaq kənd qəbiristanlığında dəfn olunub.

Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına  bir vəzifə kimi qoyduğunu bildirib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər