İcra başçısı Müstəqim Məmmədov Dəmirçilər kəndində Vətən müharibəsi şəhidi İsmayılllı Şamilin ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birgə Vətən müharibəsi şəhidi Şamil İsmayıllının rayonun Dəmirçilər kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi şücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır.
Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu İsmayıllı Şamil Kamil oğlu 1993-cü il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 20-də yaşadığı Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub.
Şəhid İsmayıllı Şamil 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.