İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Ramazan Bayramı münasibəti ilə şəhid anasını ziyarət edib
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmmədov Milli Məslisin deputatı Sahib Alıyevlə birlikdə Ramazan Bayramı münasibəti ilə rayonun Qaynaq kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Həsənov İntiqam Qulu oğlunun anası Tamara xanımı ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb, ona bayram sovqatı təqdim ediblər.
Rayon rəhbəri Tamara xanıma şəhid ailələrinin xalqımız, dövlətimiz üçün dəyərli olduğunu bildirib. Ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğının hər kəsə nümunə olduğunu bildirib.
Milli Məslisin deputatı Sahib Alıyev Tamara xanıma İntiqam kimi oğul böyütdüyü üçün təşəkkür edib. Vətən uğrunda canından keçən şəhidlərin özlərinin də, ailələrinin də xalqımız üçün müqəddəs olduğunu bildirib, dövlətimizin daim şəhid ailələrinin, qazilərin yanında olduğunu qeyd edib.
Şəhid anası oğlunun döyüş yolundan söhbət açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid Həsənov İntiqam Qulu oğlu 1963-cü ilin noyabr ayının 4-də Qaynaq kəndində anadan olub. Qazyan kənd tam orta məktəbini bitirib. İki il ordu sıralarında xidmət edib. 1985-1991-ci illərdə Moskva Politexnik İnstitutunda ali təhsil alıb. Qarabağ hadisələri başlanan vaxt Tərtər rayon Polis Şöbəsində işləyib. 1992-ci ilin aprel ayının 10-da 29 yaşında Ağdərə rayonunun Şıxarx qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi.
Şəhid İntiqam Həsənov Qaynaq kənd qəbristanlığında dəfn olunub. Hazırda Qazyan kənd ümumi orta məktəbi şəhidin adını daşıyır.