İcra başçısı Kəngərli kəndindən olan yaralı hərbçini evində ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri ilə birlikdə sentyabrın 19-da lokal antiterror əməliyyatları zamanı yaralanan tərtərli hərbi qulluqçu, Kəngərli kənd sakini Məmmədov Elşad Elşən oğlunu evlərində ziyarət edib, səhhəti və qayğıları ilə maraqlanıb, Allahdan şəfa diləyib.
İcra başçısı bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi. Ordumuz lokal xarakterli antiterror əməliyyatları ilə bağlı qarşılarında duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdilər. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi.
Elşad Məmmədov onun müalicəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.