Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Heydər Əliyev ili” çərçivəsində şəhid valideynləri olan müəllimlərlə birlikdə qazi, “Əməkdar müəllim” və “Tərəqqi” medallı təhsil işçilərini də qəbul edib

05 oktyabr 2023 | 16:57

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Heydər Əliyev ili” çərçivəsində 5 oktyabr Beynəlxalq Müəllimlər Günündə şəhid valideynləri olan müəllimlərlə birlikdə qazi, “Əməkdar müəllim” və “Tərəqqi” medallı təhsil işçilərini qəbul edib. Qəbul zamanı rayon rəhbəri müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, onlara uzun ömür, can sağlığı və pedaqoji fəaliyyətlərində  uğurlar diləyib.

Ümummilli Liderin "Mən dünyada müəllimdən yüksək ad tanımıram” sözlərini xatırladan rayon rəhbəri Ulu Öndərin bu sözlərini də yada salıb: “Hər birimiz tutduğumuz mövqedən, hansı məslək və peşə sahibi olmağımızdan asılı olmayaraq, bütün nailiyyətlərimizə görə, ilk növbədə məktəbə və müəllimə borcluyuq.”

İcra başçısı Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, aparılan islahatlardan, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsindən, müəllimlərin sosial problemlərinin həllindən, yeni təhsil ocaqlarının tikintisindən də geniş danışıb. Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirləri dilə gətirən rayon rəhbəri  Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsindən, təhsil işçilərinə hərtərəfli qayğı göstərən dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verdiyini bildirib.

Qeyd edib ki, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib. Rayon rəhbəri rayonumuzan 10 müəllimin “Əməkdar Müəllim” adına, 7 müəllimin “Tərəqqi” medalına layiq görüldüyünü vurğulayıb.

Rayon rəhbəri bu il rayonumuzda Heydər Əliyev fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd və Elm və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binalar istifadəyə verildiyini, Elm və Təhsil nazirliyinin xətti ilə şəhər 3 nömrəli, Bala Kəngərli ümumi orta, Köçərli, Yuxarı Sarıcalı və Hacıqərvənd kənd tam orta məktəblərinin inzibati binaları təmir edildiyini bildirib.

Qeyd olunub ki, indi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri əhatə edir. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.

Rayon rəhbəri vurğulayıb ki, üçüncü ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Azərbaycan müəllimi bu gün işğaldan azad edilmiş torpaqlarımızda uşaqlara bilik öyrədir.

Xatırladaq ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib.

İcra başçısı  bildirib ki, bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında müəllimlərin əməyi böyükdür. Onlar sadəcə övladlarımızı öyrətmir, həm də Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirir və  pedaqoji fəaliyyətləri ilə yanaşı həyatda da şəxsi nümunə göstərirlər. Bu missiyanı şərəflə  yerinə yetirdikləri üçün onlara minnətdarıq.

Görüşdə   müəllimlərdən şəhid “Vətən Müharibəsi Qəhrəmanı” Anar Əliyevin atası Vaqif Əliyev, şəhid Mirzəli Rəşadın anası Afiqə Mirzəyeva, şəhid ailəsi Sona Vəliyeva, qazi müəllimlər Rauf Nuriyev, İlkin Nuruzadə, Təhmuraz Muradov, ”Əməkdar müəllim”lər İlham Məmmədov, Fazilə Kərimova, Mülayim Məmmədova, Zümrüd Zamanova, Xatın Rüstəmova, “Tərəqqi” medallı Nüşabə Əliyeva, Mehriban Abbasova, Elmira İsmayılova və Könül Musayeva çıxış ediblər.

Çıxış edənlər təhsil işçilərinə, şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının  prezidenti cənab İlham Əliyevə və Birinci vitse–prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qəbulda iştirak edən müəllimlərə Heydər Əliyevin 100 illiyi münasibəti və gənc nəslin təlim-tərbiyəsində fəaliyyətlərinə görə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman təqdim edilib.

Keçidlər