Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Heydər Əliyev ili” çərçivəsində 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü ərəfəsində bir qurup hərbçini qəbul edib

24 iyun 2023 | 16:09

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov “Heydər Əliyev İli” çərçivəsində ön cəbhədə  hərbi xidmət keçən N saylı hərbi hissələrin hərbçilərini qəbul edib. Rayon rəhbəri onları 26 iyun- Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətlərində  uğurlar arzulayıb.

İcra başçısı hərbçilərlə görüşündə qeyd edib ki, Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı.

Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi. "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".

Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi və Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qələbə qazanıldı, torpaqlarımız 30 ildən sonra işğaldan azad edildi.

Rayon rəhbəri qeyd edib ki, Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Qəbul zamanı N saylı hərbi hissələrin hərbiçiləri polkovnik leytenant Bəhruz Hüseynov, kapitan Mərifət Hüseynov, baş gizir Ruslan Hüseynov, gizir Amid Qomurov, Vüsal Əliyev, MAHHXHQ  əsgər Fəda Rüstəmov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə ordu quruculuğuna göstərdiyi böyük  diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Sonda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbçilərə 44 günlük Vətən müharibəsində  və hərbi qulluqda nümunəvi xidmətlərinə görə fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Keçidlər