İcra başçısı Ələsgərli kəndində Birinci Qarabağ müharibəsi əlili Sahib Əliyevi ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə rayonun Ələsgərli kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Əliyev Sahib Məhəmməd oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Sahib Əliyev Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından könüllü olaraq döyüşlərə qatılmış, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci il avqust ayının 18-də Ağdərə rayonunun Drombon kəndi istiqamətdə düşmənin atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
Sahib Əliyevə müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş və müharibə əlili olaraq rayon icra hakimiyyəti tərəfindən mənzil uçotuna alınmışdır.
Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.