İcra başçısı dünya çempionatında iştirak edəcək həmyerlimizi qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycanın milli komandasının üzvü, “Savat” (fransız boksu) üzrə ikiqat Azərbaycan çempionu, həmyerlimiz Qədir Bərxudarovu və onun məşqçisi, Əməkdar Məşqçi, idman ustası Ruhi Hüseynovu qəbul edib.
Görüşdə idmançının qazandığı uğurlar, qarşıdakı mötəbər yarışa hazırlıq prosesi və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Qədir Bərxudarov cari ilin sentyabr ayının 9-12-si tarixlərində Fransada keçiriləcək dünya çempionatında kişilər arasında 70 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaqdır.
Rayon İcra Hakimiyyətinin başçısı gənc idmançıya qarşıdakı mötəbər yarışda uğurlar arzulayaraq, onun əldə etdiyi nailiyyətlərin Tərtər gəncləri üçün nümunə olduğunu vurğulayıb.
Görüşün sonunda Qədir Bərxudarov ölkəmizdə idmanın inkişafına, idmançılara və gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib, dünya çempionatında yüksək nəticə əldə etmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.






