Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Borsunlu kəndində şəhid Elman Məmmədovun ailəsi ilə görüşüb

28 yanvar 2023 | 12:31

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə  Borsunlu kəndində şəhid Məmmədov Elman Bəhmən oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.

Azərbaycan Ordusunun əsgəri Məmmədov Elman Bəhmən oğlu 1991-ci il avqustun 17-də Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 2020-ci ilin oktyabr ayının 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, oktyabr ayının 4-də yaşadığı Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub.

Şəhid Elman Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər