İcra başçısı Borsunlu kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, birlikdə 138 şagirdin təhsil aldığı Borsunlu kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Sonra rayon rəhbəri Vətən Müharibəsində ordumuzun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.
Məktəbin kollektivi təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






