İcra başçısı birinci Qarabağ Müharibəsi şəhidi Habil Abdullayevin ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ Müharibəsi şəhidi Abdullayev Habil Kalam oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin qəhrəmanlığından söhbət açıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışıb. Xalqımızın şəhidlərin qəhrəmanlığını heç zaman unutmadığını və unutmayacağını bildirib. İstər birinci Qarabağ Müharibəsi, istərsə də Vətən Müharibəsi şəhidlərinin ailələrinə dövlət tərəfindən hər zaman xüsusi diqqəti və qayğının olduğunu vurğulayıb, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması və sosial problemlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını, onların həlli istiqamətində mühüm işlər görüldüyünü bildirib.
Qeyd edək ki, şəhid Abdullayev Habil Kalam oğlu 1969-cu il fevral ayının 1-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında xidmət edib. Qarabağ hadisələri başlayan vaxt Tərtər Elektrik Şəbəkəsində işləyib. 1993-cü il noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilmiş və 703 saylı hərbi hissədə xidmətə başlamışdır. Bu hərbi hissədə xidmət etdiyi müddətdə Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 27 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşdə şəhid olmuş, nəşi döyüş yerində qalmışdır. Atəşkəsdən sonra iyun ayının 5-də nəşi ermənilərdən alınaraq doğma kəndlərinə gətirilib torpağa tapşırılmışdır. Subay idi.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.