İcra başçısı birinci Qarabağ müharibəsi əlili Mahir Abbasovu ziyarət edib
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə İrəvanlı kəndində birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Abbasov Mahir Əli oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin II dərəcə əlili Abbasov Mahir Əli oğlu 1969-cu ildə İrəvanlı kəndində anadan olub. O, polis əməkdaşı kimi Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq üçün Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Döyüşlər zamanı aldığı xəsarətlərə görə ona II dərəcə əlillik təyin olunub və dövlət tərəfindən mənzillə təmin edilib.
Qarabağ müharibəsi əlili şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.






