Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Bilik Günü” münasibəti ilə ümumtəhsil məktəblərində olub

15 sentyabr 2023 | 10:32

Tərtər Rayon İcra Hakimiyyətrinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev,  YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri ilə birlikdə “Bilik Günü” münasibəti ilə Tərtər şəhərinin ümumtəhsil məktəblərində olub.

Rayon rəhbəri yeni tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Yeni dərs ilinin başlanması münasibətilə ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki,  Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.

İcra başçısı Respublika Prezidentinin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladığını, ötən il 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbinin istifadəyə verildiyini, bu li isə Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binaların tikildiyini, Təhsil Nazirliyi tərəfindən şəhər 3 nömrəli, Bala Kəngərli ümumi orta, Köçərli, Yuxarı Sarıcalı və Hacıqərvənd kənd tam orta məktəblərində   təmir işlərinin  aparıldığını vurğulayıb.

Qeyd olunub ki, 2022-2023-cü tədris ilində umumtəhsil məktəblərini 646 nəfər məzun bitirib. Onlardan 408 nəfər ali məktəbə sənəd verib və 267 nəfəri  ali məktəbə, 148 nəfər isə orta ixtisas məktəblərinə daxil olub. 2 nəfər 600-dən yuxarı, 13 nəfər 500-dən yuxarı bal toplayıb. 5 nəfər isə Naxçıvanski adına liseyə qəbul olub.

IX sinfi bitirən məzunlardan isə 168 nəfər orta ixtisas məktəbinə sənəd verib və onlardan  148 nəfəri uğur qazanıb.

İcra başçısı bir daha bütün müəllim və şagird kollektivini 15 sentyabr “Bilik Günü” münasibəti ilə təbrik edib, onların hər birinə uzun ömür, can sağlığı və təhsildə uğurlar diləyib.

Milli Məclisin deputatı Sahib Alıyev də təhsil işçilərini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, Ulu Öndərin “Təhsil millətin gələcəyidir”, ”Mən dünyada müəllimlikdən yüksək ad tanımıram”- kəlamlarını yada salıb.

Sonra ibtidai sinif şagirdləri Vətənə, anaya, məktəbə aid şeirlər deyiblər. Çalınan zəng onları sinif otaqlarına səsləyib.

2023-cü il respublika prezidentinin sərəncamı ilə “Heydər Əliyev İli” olduğu üçün ümumtəhsil məktəblərində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

Keçidlər