İcra başçısı Bəyimsarov kəndində Vətən Müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin ailəsi ilə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının və Ağsaqqallar şurasının sədrləri ilə birlikdə Bəyimsarov kəndində Vətən Müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğlu 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Şəhid Anar Əliyev sağlıqında “Vətən uğrunda”, Azərbaycan Respublikası Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Şücaətə görə”, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə, 44 günlük Vətən müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.