İcra başçısı 86 yaşlı kənd ağsaqqalını ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon Polis şöbəsinin rəis müavini polis mayoru Sənan Bayramzadə, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə rayonun Hacallı kənd sakini 86 yaşlı Əliyev İlya Alı oğlunu ziyarət edib, evində onun səhhəti, sosial vəziyyəti və gündəlik qayğıları ilə maraqlanıb.
Görüşdə Vətən müharibəsi şəhidi Sabirli Əjdərin atası Xanlar Sarıyev, 3-cü qrup Vətən müharibəsi əlili İntiqam Sarıyev iştrak edib.
Səmimi söhbət zamanı ağsaqqal keçdiyi zəngin ömür yolundan danışıb. Bildirib ki, uzun illər kənd təsərrüfatı sahəsində vicdanla çalışıb, müxtəlif dövrlərdə ferma müdiri və təsərrüfat briqadiri vəzifələrində işləyərək, rayonda kənd təsərrüfatının inkişafına öz töhfəsini verib.
Rayon rəhbəri ağsaqqalların həyat təcrübəsinin, müdrik məsləhətlərinin və mənəvi dəyərlərinin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını vurğulayıb, onların hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.
Qeyd edək ki, 86 yaşlı ağsaqqal nümunəvi ailə başçısıdır. Onun 3 övladı, 7 nəvəsi və 9 nəticəsi var. Böyük və mehriban ailəsi ilə ömür sürən ağsaqqal kənd sakinlərinin böyük hörmətini qazanıb, hər kəs ondan məsləhət alır,onunla məsləhətləşlr.
İlya Əliyev yaşlı nəslə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






