İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Yuxarı Qapanlı kəndində Şəhid Əliyev Elməddin İlqar oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Yuxarı Qapanlı kəndində Vətən müharibəsi şəhidi Elməddin Əliyevin ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan rayon rəhbəri tərtərlilərin tarix yazan Elməddin kimi oğulları ilə fəxr etdiyini bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Qeyd edək ki, Elməddin Əliyev 1985-ci il iyulun 2-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elməddin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Yuxarı Qapanlı kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elməddin Əliyev ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Elməddinin xatirəsi onu tanyanların qəlbində əbədi yaşayacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.