Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Seydimli kəndində Vətən Müharibəsi şəhidi Abbasov Aysənan Əsgər oğlunun məzarını ziyarət edib

25 sentyabr 2024 | 10:06

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Seydimli kəndində şəhid Abbasov Aysənan Əsgər oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.  

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində anadan olub. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan uşaqlıqdan hərbçi olmaq, Vətənin müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-ci ildə hərbi xidmətə gedib, 2012-ci ildə təxris olunub. Aysənan torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Bu səbəbdən 2012-ci ildə MAHHXQ olaraq hərbi xidmətini davam etdirib. O, istər həqiqi, istərsə də müddətdən artıq hərbi xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən tərifnamələrə və digər təltiflərə layiq görülmüşdür. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetirib.

Aysənan 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli döyüşlərin birində erməni terrorçusu ilə səngərdə əlbəyaxa döyüş zamanı mənfur düşmənin atdığı gülləyə tuş gəlib, ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın azad olunmasına görə ” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür.  

Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı - 8 yaşlı qızı Banu və 6 yaşlı oğlu Timur bizlərə əmanət qalıb. 

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər