İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Səhləbad kəndində Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycan Bayrağı ordenli Mahmudov Mehrac Məhəmməd oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Səhləbad kəndində Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycan Bayrağı ordenli Mahmudov Mehrac Məhəmməd oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Mahmudov Mehrac Məhəmməd oğlu 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai iaşə Birliyində işləyirdi. Erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə batalyon”una gəlir. 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücumu etdiyi vaxt M.Mahmudov batalyona rəsmi qəbul edilmədiyi halda belə bu faciəyə dözə bilməyib, hərbçilərlə birlikdə bu döyüşdə iştirak etdi və xüsusi fəallıq göstərdi. Sonradan 02 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə vzvod komandiri kimi Tərtər Özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edildi. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirdi. Mehrac Mahmudov Ağdərə bölgəsində Levonarx, Akopkamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv etmişdir. 1993-cü il sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və burada Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərmişdir. 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
Evli idi. Xəyalə və Aygün adlı iki qızı, Ziya adlı bir oğlu var. Səhləbad kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.