İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Sarıcalı kəndində Vətən Müharibəsi şəhidi Məmmədov Mehdi Elçin oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Sarıcalı kəndində şəhid Məmmədov Mehdi Elçin oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Məmmədov Mehdi Elçin oğlu 6 aprel 2002-ci ildə Tərtər rayonunun Sarıcalı kəndində dünyaya gəlib.
Mehdi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 13 okytabr 2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi zamanı şəhid olub. Sarcalı kənd qəbiristanlığında dəfin olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Məmmədov Mehdi Elçin oğlu ölümündən sonra "Ağdamın azad olunması", "Suqovuşanın azad olunması" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.