Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Yaqubov Fəqan Misir oğlunun məzarını ziyarət edib

26 sentyabr 2024 | 17:07

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Yaqubov Fəqan Misir oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.   

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Yaqubov Fəqan Misir oğlu 1973-cü il iyun ayının 7-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra Bərdə rayonunda 105 saylı Texniki Peşə Məktəbində sürücülük ixtisasını öyrənmişdir. 1991-ci il iyun ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdı. SSRİ dağıldıqdan sonra doğma vətənə qayıtmış və 1992-ci ilin əvvəllərindən hərbi xidmətini davam etdirmək üçün könüllü surətdə “Tərtər özünümüdafiə batalyonu”na daxil olur. Bu batalyonun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda Ağdərə bölgəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 1992-ci il avqust ayının 7-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür. 28 iyun 2024-cü ildə şəhidin nəşi tapılaraq Tərtər rayonunun Sarıcalı kəndində dəfn edilmişdir. Subay idi.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər