İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Qabil Cəlil oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Qabil Cəlil oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Əliyev Qabil Cəlil oğlu 1946-cı il dekabr ayının 22-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Əvvəllər doğma kəndindəki "Şəfəq" kolxozunda işləmiş, sonradan qonşu Bərdə rayonunun 32 saylı Səyyar Mexanikləşdirilmiş İdarəsində fəhlə işləmişdir. Ermənilərin ədalətsiz müharibəsinə dözməyərək yaşının xeyli olmasına baxmayaraq könüllü olaraq döyüşmək üçün "Tərtər özünümüdafiə batalyonu”na müraciət etmişdir. Batalyonun komandanlığı ona yaşının və uşaqlarının çox olmasını nəzərə alaraq öz evinə qayıtmasını məsləhət bilir. Lakin o, əqidəsindən dönmür və 7 noyabr 1993-cü il tarixdən 703 saylı hərbi hissəyə qəbul edilir və bu hərbi hissənin əsgəri kimi Ağdərə bölgəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edir. 22 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Güllücə, Şotlanlı kəndləri uğrunda gedən döyüşdə şəhid olur. Evli idi. Loğman adlı oğlu və Əsmər, Ruhiyyə, Məhəbbət və Səbinə adlı dörd qızı var. Sarıcalı kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.