İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Bəxtiyar Abil oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Bəxtiyar Abil oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Əliyev Bəxtiyar Abil oğlu 1971-ci il yanvar ayının 31-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra Tərtər rayonunda 96 saylı Texniki Peşə Məktəbində mexanizatorluq ixtisasını öyrənmişdir. 1989-1991-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra "Şəfəq" kolxozunda işləmişdir. 1992-ci il avqust ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına xidmətə çağırılmış və 26 avqust 1992-ci il tarixdən 703 saylı hərbi hissədə xidmət etməyə başlamışdır. Xidmət etdiyi müddətdə Ağdərə bölgəsində Çıldıran, Qırmızı kənd, Şotlanlı kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 21 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Şotlanlı kəndi uğrunda döyüşdə şəhid olmuşdur.
Subay idi. Sarıcalı kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.