İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi İbrahimov Qaraş Yusif oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi İbrahimov Qaraş Yusif oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, İbrahimov Qaraş Yusif oğlu 1960-ci il avqust ayının 1-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb və sonradan doğma kəndlərində 183 saylı Texniki Peşə Məktəbində traktorçu ixtisasını öyrənib. 1979-1981-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra doğma kəndlərində Frunze adına kolxozda traktorçu işləyirdi. Vətən torpağını yağı düşmənlərdən müdafiə etmək üçün 1992-ci ildə könüllü olaraq Milli Ordumuzun “Qurtuluş batalyonu”nun tərkibinə yazılıb. Milli Ordunun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. Ağdərə qəsəbəsi uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərmiş, yaralanmış əsgər yoldaşlarını döyüş mövqeyindən Çıxararkən ağır yaralanıb və müalicə üçün Bakı şəhərindəki mərkəzi qospitala aparılmasına baxmayaraq iki gün sonra, 1992-ci il iyul ayının 5-də aldığı yaradan vəfat edib. Qaradağlı kənd qəbiristanlığında dəfn edilib. Ailəli idi. Qalib və Taleh adlarında iki oğlu, Arzu adında isə bir qızı var.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.