Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əsədov Atəş Əjdər oğlunun məzarını ziyarət edib

26 sentyabr 2024 | 15:15

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əsədov Atəş Əjdər oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.   

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Əsədov Atəş Əjdər oğlu 1968-ci il mart ayının 21-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1986-1988-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi başlanan vaxt rayon Texniki Təchizat İdarəsində işləyirdi. 1991-ci ilin noyabırında “Tərtər özünümüdafiə batalyonu” yaradılarkən könüllü olaraq bu batalyona gəlmiş və qərargah rəisi Pənah Məmmədovla birlikdə Müdafiə Nazirliyindən batalyona ilk dəfə hərbi sursatın gətirilməsinin iştirakçısı olmuşdur. Bu batalyonun tərkibində Marquşavan, Seysulan, Yarımca, Marağa, Həsənqaya kəndləri, Torpaq-Təpə yüksəkliyi və digər ərazilər uğrunda döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 28-də Ağdərə bölgəsində Lüləsaz kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

Subay idi. Qaradağlı kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər