İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Qaradağlı kəndində “Azərbaycan Bayrağı” Ordeni Vətən Müharibəsi şəhidi Hüseynov Aslan Malik oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Qaradağlı kəndində şəhid Hüseynov Aslan Malik oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Hüseynov Aslan Malik oğlu 1985-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Hərbi xidmətdən sonra yenidən Azərbaycan ordusuna qayıdıb, gizir kimi xidmət edib və həmişə öndə gedən döyüşçülərdən olub. O, 2016-ci il aprel döyüşlərində də iştirak edib, düşmənin iki tankını və yük avtomobilini dəqiq artileriya atəşi ilə vuraraq məhv edib. Döyüşlərdə “Şücaətə görə” medalı ilə təltif olunub.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Aslan Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Aslan Hüseynova “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyinə görə” medalları da verilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.