İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Poladlı kəndində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaşlar Abbasov Xaliq və Abbasov Elşən qardaşlarının məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Poladlı kəndində şəhid olmuş mülki vətəndaşlar Abbasov Xaliq və Abbasov Elşən qardaşlarının məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
44 günlük Vətən müharibəsində də təcavüskar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq yaşayış məntəqələrimizi atəşə tutub, dinc sakinlər həlak olub, yaralanıblar. 2020-ci ilin sentyabr ayının 29-da erməni təxribatçılarının rayonun Şıxarx qəsəbəsini atəşə tutması nəticəsində Abbasovlar ailəsi bir gündə iki oğlunu Xaliq və Elşəni itiriblər, xeyli insan isə xəsarət alıb.
Şəhid olan Xaliqin 41, Elşənin isə 35 yaşı var idi.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.