İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Köçərli kəndində Vətən Müharibəsi şəhidi Ələkbərli Ələkbər Ramiz oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Köçərli kəndində şəhid Ələkbərli Ələkbər Ramiz oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Ələkbər Ələkbərli 1991-ci ilin iyul ayının 28-də Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açıb.
Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ələkbər Ələkbərli ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.