İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəngərli kəndində Vətən Müharibəsi şəhidi Quluzadə Elmin Şəmsi oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Kəngərli kəndində şəhid Quluzadə Elmin Şəmsi oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri şəhid Quluzadə Elmin Şəmsi oğlu 1998-ci il oktyabrın 23-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Oktyabrın 17-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Yaşadığı Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Şəhid Quluzadə Elmin 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.