İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəngərli kəndində Vətən Müharibəsi şəhidi Qənbərli Qənbər Bəhruz oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Kəngərli kəndində şəhid Qənbərli Qənbər Bəhruz oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, şəhid Qənbərli Qənbər 1993-ci il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib.
Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Sağlığında “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmuş qəhrəman baş leytenantımız Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3 dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəliydi. Bir övladı yadigar qalıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.