İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəngərli kəndində Şəhid Qənbərli Qənbər Bəhruz oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Kəngərli kəndində Vətən müharibəsi şəhidi Qənbərli Qənbərin ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan rayon rəhbəri tərtərlilərin tarix yazan Qənbər kimi oğulları ilə fəxr etdiyini bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Qeyd edək ki, Qənbərli Qənbər 1993-ci il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.
Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib.
Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Sağlığında “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmuş qəhrəman baş leytenantımız Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3 dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəliydi. Bir övladı yadigar qalıb.
“Rəşadət” ordenli Qənbər Qənbərlinin xatirəsinə ehtiram əlaməti olaraq onun adı əbədiləşdirilib. Rayon mərkəzində və doğulduğu kənddə adına küçə verilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.