Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəngərli kəndində şəhid Abbaszadə Elşad Raquf oğlunun məzarını ziyarət edib

24 sentyabr 2024 | 15:39

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Kəngərli kəndində şəhid Abbaszadə Elşad Raquf oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, şəhid Elşad Abbaszadə 1993-cü ilin 14 iyulunda Kəngərli kəndində anadan olub. 2011-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb. 2013-cü ildə hərbi xidmətini başa vurub. 2014-cü ildən müddətdən artıq xidmət etmək üçün yenidən hərbiyə qayıdıb.

Elşad Abbaszadə tağım komandiri olub. O, 2016-cı il martın 25-də qoşunların təmas xəttində  ermənilərin atəşkəs rejimini pozması nəticəsində qəhrəmancasına şəhid olub. Elşad Abbaszadənin şəhid olmasından 7 gün sonra, aprelin  2-sində  Azərbaycan-Ermənistan  təmas xəttində 24 ildən sonra tariximizin ən qanlı atışmalarından biri, Aprel döyüşləri başlayıb.

Ölümündən sonra Elşad Abbaszadə  “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Elşad Abbaszadə doğma kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər