İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar İsmayılbəyli kəndində şəhid Baxışlı Baxış Elşən oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə İsmayılbəyli kəndində ildırım vurması nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, şəhid mayor Baxışlı Baxış Elşən oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Baxışlı Baxış Elşən oğlu 07 noyabr 1994-cü ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra 617 balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib.
44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə, ölümündən sonra isə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.