İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Hüsənli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Şahmalı Baxşeyiş oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Hüsənli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Şahmalı Baxşeyiş oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Kərimov Şahmalı Baxşeyiş oğlu 1972-ci il sentyabr ayının 24-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində almışdır. Qarabağ uğrunda müharibə başlayan vaxt yaşadığı M.Ə.Sabir adına sovxozda fəhlə işləyirdi. 1992-ci ilin avqust ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına hərbi xidmətə çağırılır. Milli ordunun 703 saylı hərbi hissəsində xidmət etməyə başlayır. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edir. 1994-cü il may ayının 13-də Ağdərə ətrafında gedən döyüşdə şəhid olmuşdur. Subay idi. Hüsənli kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.