İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Hüsənli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Həsənov Baba İsa oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Hüsənli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Həsənov Baba İsa oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Həsənov Baba İsa oğlu 1972-ci il fevral ayının 18-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1990-cı ilin dekabr ayında keçmiş Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. SSRİ dağıldıqdan sonra hərbi xidmətdən qayıdaraq yaşadığı M.Ə.Sabir adına sovxozda fəhlə işləmişdir. Qarabağ uğrunda müharibə başlanandan sonra rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına hərbi xidmətə göndərilmişdir. Əvvəlcə 708 saylı hərbi hissədə xidmət etmiş və 12 may 1994-cü il tarixdə həmin hərbi hissədən 701 saylı hərbi hissəyə göndərilmişdir. Xidmət etdiyi müddətdə Ağdam bölgəsində ermənilərə qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il may ayının 22-də Ağdam rayonunun Təzəkənd kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi. Hüsənli kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.