Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Hüsənli kəndində Azərbaycanın Milli Qəhrəmanı Rüstəmov Füzuli Salah oğlunun məzarını ziyarət edib

25 sentyabr 2024 | 18:29

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Hüsənli kəndində Azərbaycanın Milli Qəhrəmanı Rüstəmov Füzuli Salah oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.  

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki,  Rüstəmov  Füzuli Salah oğlu 25 dekabr 1965-cı ildə Tərtər rayonunun Hüsənli kəndində anadan olub. Ata-anasını erkən itirmişdir. 1978-ci ildən Xocalıda, babası Kərim kişinin himayəsində yaşamışdır. O, burada səkkizillik məktəbi bitirmişdir. Ailəsinin ağır şəraitdə yaşaması onu erkən vaxtlarından işləməyə vadar etmişdir. O, əvvəlcə 2 saylı Xocalı Üzümçülük Sovxozunda, 1990-cı ildən isə toxuculuq fabrikində işləmişdir.

Dağlıq Qarabağ hadisələri başlayan ilk günlərdən silah götürüb torpaqlarımızın müdafiəsinə qalxdı. 1989-cu ilin iyun ayında öz yoldaşları ilə birlikdə kəndlərinə yaxın olan erməni postuna hücum edərək, oranı dağıtdı. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı Aeroportunu partlatmaq lazım gəlirdi. Əməliyyatı həyata keçirmək üçün 4 nəfərdən ibarət qrup ayrıldı. Qrupun tərkibində F.Rüstəmov da var idi. Əməliyyat uğurla başa çatdırıldı.

Füzuli, Xocalı özünümüdafiə dəstəsi yaradılanda, əvvəlcə həmin dəstədə, sonra isə hərbi batalyonda xidmətini davam etdirmişdir. O, Xocalı faciəsi zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsində çox fədakarlıqlar göstərmişdir. Azərbaycanın Milli Qəhrəmanı A.Quliyevin yaralı vəziyyətdə döyüş meydanından çıxarılması da, onun hünəri sayəsində mümkün olmuşdur. Faciə zamanı o, üç dəfə Xocalıya girərək qadın, uşaq və yaralıları təhlükəsiz zonaya çıxarmışdır. Ölümün pəncəsindən neçə-neçə insanı xilas edən Füzuli son anda özü düşmən gülləsinə tuş gəldi. Boynundan ağır yara almışdı. Onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi. Subay idi.

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Tərtər rayonunun Hüsənli kəndində dəfn edilmişdir.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər