Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Hacıqərvənd kəndində Vətən Müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun məzarını ziyarət edib

25 sentyabr 2024 | 10:29

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon prokuroru Əli Qurbanov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Hacıqərvənd kəndində şəhid Mirzəli Rəşad Hafiz oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.  

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Rəşad Mirzəli  hərbi xidmət zamanı Sülhməramlı Qüvvələrin sırasında 6 ay qulluq etdikdən sonra könüllü olaraq 2014-cü ildən 2015-ci ilə kimi Əfqanıstanda xidmət edib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətə görə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ona gümüş saat bağışlayıb. Bu, Rəşadın ən çox sevdiyi hədiyyələrdən olub. Özü sağ ikən evlərində şəhidlər guşəsi yaradıb, bəlkə də bir vaxt bu otaqda onun da şəkli qoyulacağı ürəyinə damıb.

Həyatını hərbiyə bağlayıb, Mingəçevir İdman və Turizim kollecinə daxil olsa da gizirlik kursunu keçib, təyinatını N saylı hərbi hissəyə alıb. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayanda Murov yüksəkliyi  və Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, qolundan yaralansa da döyüş meydanını tərk etməyib, neçə-neçə  yaralı dostunu, yoldaşını çiynində daşıyıb. 2020-ci il oktyabrın 3-də isə şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər