İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Evoğlu kəndində Şəhid Məhərrəmli Fuad Habil oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Evoğlu kəndində Vətən müharibəsi şəhidi Fuad Məhərrəmlinin ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan rayon rəhbəri tərtərlilərin tarix yazan Fuad kimi oğulları ilə fəxr etdiyini bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Qeyd edək ki, Fuad Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Məhərrəmli oktyabrın 12-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Fuad Məhərrəmli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!