İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Evoğlu kəndində şəhid Əhmədzadə Məftun Seymur oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, rayon prokuroru Əli Qurbanov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Evoğlu kəndində şəhid Əhmədzadə Məftun Seymur oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Əhmədzadə Məftun Seymur oğlu 2 fevral 1996-cı il tarixdə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2014-cü ildə Evoğlu kənd tam orta məktəbini bitirib. Elə həmin ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Ordudan tərxis edildikdən sonra bir müddət “İctimai dəstəkli polis” layihəsinin iştirakçısı kimi fəaliyyət göstərib, sonra yenidən öz kəndlərində əkin-biçin işlərilə məşğul olmağa başlayıb. Nəhayət, 2021-ci ilin noyabr ayında anasına bildirib ki, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət etmək istəyir. Anasının xeyir-duasını alaraq, “Komando” dəstəsinə yazılıb. Şəmkirdə xidmət edib. Hadisədən bir ay əvvəl öz istəyi ilə Laçın rayonuna dəyişdirilib.
Məftun Əhmədzadə 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində şəhid olub. Sentyabrın 16-da qəhrəmanımız böyük izdihamla doğulduğu Evoğlu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Subay idi. Ailədə üç uşaq olublar, bir qardaş, iki bacı.
Məftun Əhmədzadə ölümündən sonra döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli ”Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.