İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Bəyimsarov kəndində Vətən Müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədov köməkçisi Elçin Cahangirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Bəyimsarov kəndində şəhid Hüseynzadə Elgiz İbrahim oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Azərbaycan Ordusunun əsgəri Hüseynzadə Elgiz İbrahim oğlu 2001-ci il oktyabr 28-də Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Əslən Kəlbəcər rayonundandır. Oktyabrın 22-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabr ayının 29-da Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.
Şəhid Hüseynzadə Elgiz 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.