İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Azad Qaraqoyunlu kəndində Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Elman Süleyman oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Azad Qaraqoyunlu kəndində Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Elman Süleyman oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Hüseynov Elman Süleyman oğlu 1952-ci il fevral ayının 28-də Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. 1958-1968-ci illərdə Qaraqoyunlu kənd məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutununa daxil olub və 1973-cü ildə həmin institutun hidromeliorasiya fakultəsini bitirib. 1973-1975-ci illərdə Gürcüstanda zabit kimi hərbi xidmətdə olub. 1991-ci il sentyabr ayına qədər rayonda müxtəlif rəhbər vəzifələrində işləyib. 1991-ci il sentyabr ayının 22-də rayonda ərazi özünümüdafiə qərargahı təşkil edib, onun rəisi olub. 1991-ci il noyabrın 12-də "Tərtər" batalyonuna ilk komandir təyin edilib. Əvvəllər İşlədiyi rəhbər vəzifələrdə yüksək təşkilatçılıq qabiliyyəti əldə etmiş E.Hüseynov ilk komandir kimi Tərtər özünümüdafiə batalyonunun o dövrdəki siyasi oyunlara cəlb edilməsinə yol verməyəcəyini və yalnız doğma torpağımızın azğın ermənilərdən təmizlənməsində iştirak edəcəyini qarşıya məqsəd qoymuşdu. Batalyona komandirlik etdiyi müddət ərzində də bu məqsədinə nail olmuşdur. Onun qoyduğu bu məqsədi batalyon onun həlakından sonra da davam etdirdi. Tərtər batalyonunun döyüşdüyü Ağdərə bölgəsinin Seysulan, Yarımca, Çaylı, Marquşavan, Marağa, Həsənqaya, Levonarx, 3 №-li sovxoz, Ağdərə, Orta kənd, Sərsəngi su anbarı, Kasabet, Drambon, Maqavuz, Çıldıran və digər yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsi uğrunda gedən qanlı döyüşlərdə fədakarlıqlar göstərmiş düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində onun komandirlik etdiyi batalyonun xüsusi rolu olmuşdur. Yüksək peşəkar zabit hazırlığına məxsus olan E.Hüseynov vuruşmalarda 3 dəfə yaralansa da öz döyüş yolundan dönməmişdir.
1993-cü il yanvar ayının 14-də Vəng kəndinin azad olunması uğrunda gedən qanlı döyüşdə o, qəhrəmancasına şəhid oldu. Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidliyə və şücaətə görə 1995-ci il yanvar ayının 15-də ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.
Evli idi. Emin adlı bir oğlu, Lalə və Nərgiz adlı iki qızı yadigar qalıb. Qaraqoyunlu kənd qəbiristanlığında dəfn edilib. Tərtər şəhərinin ən böyük küçələrindən biri şəhidin adını daşıyır.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.