Şriftin ölçüsü :

Saytın rəngi :

Hüsənli kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib

30 yanvar 2023 | 15:30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Hüsənli kəndində keçirilib.

Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri möhtərəm Prezidentin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib. O, dövlət başçısı cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclasında uğurla iştirak etdiyini, Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini, Azərbaycanın malik olduğu iqtisadi və siyasi potensial barədə ətraflı məlumat verdiyini qeyd edib. Vurğulayıb ki, indi dünyanın aparıcı şirkətləri Azərbaycanın iqtisadi gücünü real dəyərləndirir və ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. Bütün bu nailiyyətlər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illərdir ölkəmizdə bərqərar olan siyasi və iqtisadi sabitlik, aparılan ardıcıl mütərəqqi islahatlarla birbaşa bağlıdır.

İcra başçısı  qeyd edib ki, Prezident İlham Əliyev Davos Forumunda həmçinin regiondakı vəziyyət, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın səyləri, Laçın-Xankəndi yolunda baş verən hadisələrin mahiyyəti barədə ətraflı danışmış, ölkəmizə qarşı Ermənistan və bəzi ermənipərəst qüvvələr tərəfindən aparılan yalançı təbliğatları iflasa uğratmış, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.

Bu gün biz fəxrlə ölkəmizin beynəlxalq aləmin diqqət mərkəzində yer almasını, Ermənistanın isə növbəti dəfə qlobal iqtisadi proseslərdən təcrid olunmasını izləyirik.

Həmçinin bu Forum dövlətlərarası iqtisadi münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətli platformadır, onun siyasi əhəmiyyəti isə danılmazdır.

İcra başçısı qəbulda Azərbaycanın İranda yerləşən səfirliyinə qarşı törədilən terror aktından, Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin Mühafizə Xidmətinin rəisi Orxan Əsgərovun şəhid olmasından, digər iki nəfərin yaralanmasından da danışıb. O, şəhid Orxan Əsgərovun ailəsinə başsağlığı verərək, rəhmət diləyib, terror zamanı yaralanan oğullara isə tezliklə sağalmalarını arzulayıb.

Rayon rəhbəri fikrini respublika prezidenti cənab İlham Əliyevin “Twitter” hesabındakı paylaşımından bu sözlərlə yekunlaşdırıb:”...Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir”.

Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Hüsənli  kəndinin 1942 hektar ərazisi, 651 təsərrüfatı, 2401 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 mədəniyyət evi, 1 kitabxana, 8 ticarət, 2 iaşə,   2 məişət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 2630 baş iribuynuzlu, 2050 baş xırdabuynuzlu heyvan, 8360 baş quş  saxlayırlar.

Hüsənli kəndində son üç ildə əkin sahələrinə gedən su arxları 6,5 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1500 ədəd tut tingi, 80 ədəd müxtəlif növ ağaclar əkilib, 12 ədəd subartezian quyularının nasosları təmir edilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Məhəmməd Məmmədov kəndin elektrik xətlərinin kabelləşdirilməsi, Bəxtiyar Qəhrəmanov sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, Anar Mustafayev Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, İradil Cəfərov yeni tərtib olunan xəritədə pay torpaqlarına gedən yolun göstərilməməsi, Tural Əhmədov və Sənani Əhmədov subartezian quyusunun təmir olunması, Kamal Hümbətov kəndin içərisindən gedən suvarma arxının təmizlənməsi və digər məsələlər  ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər