Heydər Əliyev Mərkəzində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda “dəyirmi masa” keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı və rayon ərazisində yerləşən N saylı hərbi hissə ilə birlikdə Heydər Əliyev Mərkəzində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda “dəyirmi masa” keçirib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Təhsil Sektorunun, Mədəniyyət Mərkəzinin, Gənclər və İdman İdarəsinin nümayəndələri və hərbçilər iştirak ediblər.
Öncə Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun büstü önünə gül dəstələri qoyulub. Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab sərgisinə baxıblar.
Sonra tədbir dəyirmi masa arxasında davam edib. Əvvəlcə Ümümmilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra rayon icra hakimiyyətinin əməkdaşı Zabil Paşayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin leytenantı Asim Əzimli, müddətdən artıq hərbi qulluqçu Xəyal Kərimli, gizir İnam Əliyev və əsgər Mustafa Mikayılov çıxış ediblər.
Cıxışlarda ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayandığı qeyd olunub. Bildirilib ki, ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün onun siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq kifayətdir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı kimi çıxış etməkdədir. Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. YAP həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb. Uğurlu dövlət quruculuğu Azərbaycanın müstəqilliyini möhkəmləndirib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.