Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli”: Tərtər Peşə Məktəbində “Heydər Əliyev və Azərbaycan məfkurəsi “ mövzusunda tədbir keçirilib

14 mart 2023 | 12:47

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin   təşkilatçılığı ilə  Tərtər Peşə Məktəbində “Heydər Əliyev və Azərbaycan məfkurəsi” mövzusunda tədbir keçirilib.  

Tədbir iştirakçıları əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadligı ugrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediblər və Dövlət Himni  səsləndirilib.

Sonra “Heydər Əliyev və Azərbaycan məfkurəsi” adlı video çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev  bildirib ki,   azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların və qeyri azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan və onun nüfuzunu uca tutan hər bir insan Azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir.

Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi  Svetlana Əzizova   Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə   Ulu Öndərin  100 illiyi ilə  əlaqədar 2023 -cü ilin “Heydər Əliyev İli” elan olunması, bununla baglı rayon icra hakimiyyətinin “Tədbirlər Planı”nın təsdiq olunması və rayonumuzda silsilə tədbirlər keçirilməsi barədə məlumat verib. Bildirib ki, hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə azərbaycan dilinin əhəmiyyəti artmış və ana dilinə olan diqqət və qayğı, eləcə də dövlət qurumlarında azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi  halları coxalmışdır.

1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı . Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, milli-mənəvi dəyərlərin qorunması, inkişafı və azərbaycançılıq ideyaları ilə birgə bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, 31 dekabrın hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil olunan toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin həmvətənlərimizlə keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırılmasının bariz nümunələri idi. 
 
2001-ci ildə Bakıda tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi və minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsaslarının bir daha geniş müzakirə edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək vəzifələrin müəyyən olunması milli ideologiyamızın formalaşması və  inkişafında yeni bir mərhələ kimi dəyərləndirilə bilər.

“Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.  Bu ifadələr Ümummilli Liderimizin milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanat idi.

Tədbirdə   müəllimlərdən  Həmidə Əhmədova   “Heydər Əliyev və azərbaycan məfkurəsi”  mövzusunda məruzə  edib.

Çıxışçılar  Esmira Hüseynzadə, Qalalı Hüseynov  bildiriblər ki, Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycandır. Bu dövlətin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir. Vurğulanıb ki, Ulu Öndərin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir.    Məktəbin tələbəsi Nərgiz Əlizadə Ümummilli Liderə həsr olunmuş şer söyləyib.

Tədbiri yekunlaşdıran Tərtər RİHB aparatında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov  çıxışında vurğulayıb ki, Heydər Əliyevin azərbaycançılıq ideologiyası bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.

Keçidlər