“Heydər Əliyev İli” çərçivəsində 8 noyabr Zəfər Günü münasibəti ilə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda ümumrayon tədbiri keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, şəhid ailələri, qazilər, təhsil, səhiyyə və mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin hazırladığı 8 noyabr – Zəfər gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxıblar, ən yaxşı rəsm və əl işlərinin müəlliflərinə rayon icra hakimiyyətinin başçısı tərəfindən təşəkkürnamələr təqdim olunub.
Tədbir rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, istər Azərbaycan tarixində, istərsə də xalqımızın yaddaşında Ümummilli Lider müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, əsl vətəndaş kimi özünəməxsus yer tutub. Dövlətinə, xalqına bağlılığını atdığı hər bir addımı ilə təsdiqləyən Ulu Öndər Heydər Əliyevin iyunun 9-da Bakıya gəlişi, qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər də Onun Vətən, xalq sevgisinin aydın ifadəsi idi. 1993-cü ilin iyun ayında baş verən hadisələr qurtuluşa gedən yolun başlanğıcı kimi qəbul olunur. Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycanın Prezidenti seçildi.
Bu qayıdış Azərbaycanın həyatında yeni bir mərhələnin əsası oldu. Ümummilli Lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı görmək istədiyi səviyyəyə yüksəltdi. Azərbaycan dünyaya Günəş kimi doğdu. Ulu Öndər, eyni zamanda, belə bir əminliyi ifadə edirdi ki, biz bu çətin günləri keçib gedəcəyik. Müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcək. Bugünümüzün reallıqları dahi şəxsiyyətin bu istəklərinin təsdiqidir.
Bu gün Azərbaycana hansı istiqamətdən baxsaq inkişaf, tərəqqi qaçılmazdır. Ölkəmizdə ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticələri də göz önündədir. 44 günlük Vətən müharibəsində tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu bir daha təsdiqlədi.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qalib ölkənin qalib Lideri kimi işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlər edən cənab İlham Əliyev hər dəfə bu fikri bildirir ki, hətta hava da sevinir, çünki bu torpaqlara əsl sahibləri gəlib. Azərbaycan Ordusu erməni silahlı qüvvələrini iti qovan kimi torpaqlarımızdan qovdu. Ordumuzun gücü, qüdrəti qarşısında diz çökən Ermənistanın illərdir yaratdığı "məğlubedilməz erməni ordusu" mifi darmadağın edildi.
Milli Məslisin deputatı Sahib Alıyev öz çıxışında qeyd edib ki, bu gün dünya Azərbaycan Orldusunun qəhrəmanlığından, döyüş taktikasından bəhs edir. "Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir" söyləyən ölkə Prezidenti bildirir ki, indi beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb: "Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər."
Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri həyata keçirilir. Tezliklə xalqımız hər bir vədini konkret əməli ilə təsdiqləyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın da sevincini yaşayacaq.
Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, onu bir çıxışda əhatə etmək qeyri-mümkündür. Bunların ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib Sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, ordumuzun rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın Liderinə sevgisi sonsuzdur. Çünki o Xankəndi şəhərinin mərkəzində Azərbaycan bayrağını dalğalandırandan sonra xalqımıza müraciətində dediyi kimi verdiyi bütün vədlərə əməl edib. Dünyaya səs salan və yeni reallıqlar yaradan tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir.
Tədbirində rayon polis şöbəsinin rəisi Elçin Qasımov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, “Azərbaycan Bayrağı Orden”li Elnur Salahov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə tarixi xilaskarlıq missiyasını yerinə yetirib və Azərbaycanı tənəzzüldən, durğunluqdan, xaosdan çıxararaq inkişafa, tərəqqiyə doğru aparıb. Bugünkü əzəmətli və qüdrətli Azərbaycan məhz Heydər Əliyevin şah əsəridir, Vətən müharibəsində qazanılan şanlı Qələbə isə dahi rəhbərin əsasını qoyduğu siyasətin təntənəsidir.
Tədbirin sonunda Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin hazırladığı bədii-musiqili konsert proqramı təqdim edilib.