“Heydər Əliyev İli” çərçivəsində 12 noyabr–Konstitutsiya Günü münasibəti ilə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tərtərdə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 12 noyabr –Konstitutsiya Günü münasibəti ilə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda YAP rayon təşkilatının inzibati binasında “dəyirmi masa” keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov tədbir iştirakçılarını Zəfər bayramı, Dövlət Bayrağı Günü və 12 noyabr-Konstitutsiya Günü münasibəti ilə təbrik edib.
Bildirib ki, Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş başladı.
Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, ümummilli liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar.
Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir. Ümummilli Liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.
Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi məhz ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir.
Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş və insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmişdi. Bununla, Azərbaycanda hüquqi dövlətin möhkəm təməli qoyulmuş və hüquq islahatlarının aparılmasına başlanılmışdır.
Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra SSRİ-dən miras qalmış, totalitar rejimə xarakterik olan hüquq sistemi və qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı. Hüquq sisteminə müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.
Gərgin fəaliyyəti nəticəsində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlar, əvvəlki illərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi.
Məhkəmə ekspertizası da bu prosesdən kənarda qalmadı, həyata keçirilən tədbirlər çərçivəsində hüquq sisteminin vacib istiqamətlərindən olan dövlət məhkəmə ekspertizası fəaliyyətinin hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini müəyyən edən “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun qəbul olundu. Bu qanunların qəbulu ilə hüquqi sferada olan idarəetmədə yeni islahatların keçirilməsi üçün zəmin formalaşdırıldı, onların fəaliyyəti zamanla yenidən təşkil edildi.
İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı.
Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.
Penitensiar müəssisələrin Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırıldı. Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin müstəsna əhəmiyyəti nəzərə alınaraq nazirliyin tərkibində icra xidməti təsis edildi, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olundu.
Ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artmış və o hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir.
“Dəyirmi masa”da YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Çingiz İsayev, Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Tərtər rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Cahangir Alıyev, Tərtər rayon Polis şöbəsinin əməkdaşı, polis baş leytenantı Elmdar Cabbarov, Fövqəladə Hallar Nazirliyi Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı Sadiq Bəbişov, Seydimli kənd İƏD-i üzrə nümayəndə Nərmin Vəliyeva, Sarov kənd İƏD-i üzrə nümayəndə Surxay Hüseynov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tariximiz yeni uğurlarla zənginləşir. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri tariximizin şərəfli səhifələri olmaqla bərabər, həm də Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya bəyan edir. Bütün bunlar həm də ondan xəbər verir ki, Ümummilli Lider Heydər Əliyev ideyaları yaşayır, ulu öndərin arzuları çin olur.