“Heydər Əliyev İli-2023”:Tərtər rayonunda silsilə tədbirlər davam edir
Tərtər İlk Peşə İxtisas məktəbində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və Tərtər rayon Ilk Peşə Ixtisas Məktəbinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev çıxışına Ulu Öndərin gənclərin ikinci forumunda söylədiyi sözləri ilə başlayıb:”Siz Azərbaycanın bu günü və gələcəyisiniz.Sizin üzərinizə böyük vəzifələr düşür,gələcəkdə bu vəzifələr daha da böyük olacaqdır...Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə Sizə etibar edəcəyik.”Ulu Öndər bu sözləri ilə gəncliyə olan etimadını,sonsuz diqqətini ifadə edərək Azərbaycan gənclərinin qarşısında böyük vəzifələr durduğunu bildirib.Çıxışda Ulu Öndərin Azərbaycan təhsilinin inkişafına,onun maddi texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qaygıdan,Azərbaycan müəllimlərinə verdiyi yüksək dəyərdən də söhbət açıb.
Qeyd olunub ki, Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, öz çıxışları zamanı və keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ulu öndərin ən böyük xidmətlərindən biridə o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu istiqamətdə atılan ən böyük addımlardan biri 1994-cü ilin iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılması oldu. 1995-ci ildə isə O, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsinə göstəriş Verdi və özü də bu tədbirdə şəxsən iştirak etdi. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza yaradıldı.
Bu gündə Cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir, ölkənin idarəolunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir.
“Dəyirmi masa”da çıxış edən məktəbin direktoru Əli Babayev,müəllimlərdən Tacirə İlyasova,tələbələrdən Elnarə Əliyeva,Fərid Əsədli, Samirə Hüseynova, Aygün Kərimova və başqaları ölkəmizdə gənclərin sağlam inkişafını təmin edən dövlət siyasətindən danışıblar. Çıxışlarda Ulu öndərimizin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsindəki titanik fəaliyyəti haqda geniş məlumat verilib.