“Heydər Əliyev İli-2023”: “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda “dəyirmi masa” keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi xəstəxanasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və səhiyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
Sonra “dəyimi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərdbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səhiyyə işçilərini Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 17 iyun Tibb işçiləri günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, can sağlığı, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının həyata keçirilməsi, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın tərəqqisi və yüksəlişi, dövlətçiliyimizin möhkəmləndirilməsi və əhalinin sağlamlığı uğrunda şərəfli fəaliyyətlərində uğurlar diləyib.
Rayon rəhbəri bildirib ki, bu günlər qədirbilən xalqımız Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük qürur və təntənə ilə qeyd edir. Dahi şəxsiyyət olan Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında xalqımızın və dövlətimizin mayakına çevrilən müdrik bir insandır.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyəti həmişə uğur və qələbələrlə müşayiət olunub. Heydər Əliyev iqtisadi, siyasi, sosial, mədəni quruculuq məsələləri ilə bərabər, səhiyyəni də cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsini mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və həkimlərin işinin fəallaşdırılması məsələlərində görürdü. Böyük öndər ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini nəinki azaltdı, əksinə, daha da artırdı. Ulu Öndər sonralar bu dövrü belə xatırlayırdı: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
Uzaqgörən dövlət xadimi olan Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirilməsini təşkil edən Ulu Öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. Həmin dövrdən Ulu Öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovet İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər.
Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər.
Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin Azərbaycan tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. Bütün sahələr kimi, səhiyyə də yeni inkişaf mərhələsinə qədəm qoydu; ilk növbədə, bu sahənin qanunvericilik bazası təkmilləşdirildi, əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə geniş islahatlar proqramı hazırlandı. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni səhiyyə ocaqlarının yaradılması əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verdi. Ulu Öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi, Ümummilli Liderimizin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-nin ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunması, səhiyyə işçilərinin əməkhaqlarının dəfələrlə artırılması həm bu sahənin müasir tələblər səviyyəsində yeniləşdirilməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edirdi. Ulu Öndər səhiyyədə islahatlar aparılmasını vacib hesab edərək deyirdi: “Biz islahatları bütün sahələrdə keçiririk və səhiyyə sahəsində də islahatlar keçirilməsi çox zəruridir. Bu barədə mənim fərmanlarım var, lazımi göstərişlərim var, qərarlar vardır. Məmnuniyyətlə deyə bilərəm ki, son vaxtlar Azərbaycan səhiyyəsində islahatlar həyata keçirilir və onlar da öz nəticələrini verir”.
“Dəyirmi masa”da iştirak edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Tərtər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin direktoru Sərxan Cələhani, fizoterapeya kabinetinin müdiri Zəhra Əliyeva, rayon Mərkəzi Xəstəxanasında statistika kabinetinin müdiri Anar Salahov çıxış edərək Ulu Öndərin hakimiyyəti illərində Azərbaycan səhiyyəsinin inkişafından, tibbi kadrlara göstərilən diqqət və qayğıdan söhbət açdılar. Qeyd olundu ki, digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev ölkə səhiyyəsinin inkişafına qiymət verərkən demişdi: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”.
Çıxışlarda Heydər Əliyev Fondunun səhiyyə sahəsində reallaşdırdığı proqramlardan, həmin layihələrin Mehriban xanımın bilavasitə diqqət, qayğısı və nəzarəti altında olduğu da vurğulanıb.
Tədbirdə bir qurup tibb işçisi rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif olunub.