“Heydər Əliyev İli -2023”: ”Ulu Öndər Heydər Əliyevin İrsi milli sərvətimizdir”
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər Xidmət Sahəsinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və Qaz İstismarı İdarəsinin Tərtər Xidmət sahəsinin kollektivi iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər. Sonra “dəyirmi masa” ətrafinda Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbiri açaraq Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlərdən danışıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün Azərbaycanda milli intibah dövrü olduğunu vurğulayıb.
“Dəyirmi masa”da iştirak edən YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, Qaz İstismarı İdarəsinin Tərtər Xidmət Sahəsinin rəisi Müxlis Əmirov, çilingər Tural Əhmədzadə və texnik Kəmalə Baxşəliyeva çıxış edərək müstəqil və müasir Azərbaycanın həyatında baş vermiş bütün tarixi hadisələrin Ulu Öndərin adı ilə bağlı olduğunu bildiriblər. Qeyd olunub ki, Dövlət bayrağımızın təsdiq edilməsi, ölkədə demokratik idarəetmə sisteminin formalaşdırılması, ilk parlament seçkilərinin keçirilməsi, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması, çoxpartiyalı siyasi sistemin yaradılması, iqtisadi dirçəlişimizin təməli sayılan “Əsrin müqaviləsi”nin bağlanması, Azərbaycanın tez bir zamanda dünya birliyinə inteqrasiyasının təmin edilməsi, dünya dövlətləri ilə diplomatik münasibətlərin inkişafı, BMT, Avropa Birliyi daxil olmaqla beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı əməkdaşlıq mühitinin formalaşdırılması, bir sözlə, sözün əsl mənasında, müstəqil, müasir, güclü Azərbaycanın yaradılması Heydər Əliyevin əməyinin, qətiyyətinin, vətənə sevgisinin məhsuludur və Ulu Öndərin irsi milli sərvətimizdir.