“Heydər Əliyev İli-2023”: Tərtərlilərə “Nurlu ömrün anları” tamaşası təqdim olunub
Tərtər Rayon Mədəniyyət Mərkəzinin səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının atyorları Ümummilli Lider Heydər Əliyevin 100 İllik yubileyi münasibəti ilə tərtərlilərə “Nurlu ömrün anları” tamaşasını təqdim ediblər.
Tamaşanın quruluşçu rejissoru, rəssam və musiqi tərtibatçısı İftixar Piriyevdir. Tamaşada “Əməkdar artist” Esmiralda Şahbazova, Aktyorlardan Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Sevinc Hüseynova, Bəhruz Cabarzadə, Arzuman Tarverdi, Güney Əliyeva, Pərvin Dadaşova, Xədicə Məmmədova, Sevinc Bəxtiyar və Zəki Fətəliyev iştirak ediblər. Aktyorlar dahi rəhbərin ömrünün yaddaqalan anlarını tamaşaçılara poetik ifadələrlə çatdırıblar. Onların çıxışları alqışlarla qarşılanıb.
Sonda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması və 28 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamlar və rayonda həmin sərəncamların icrası ilə bağlı icra hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirilən və keçiriləcək tədbirlər barədə məlumat verərək, Ulu Öndərin mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğını dilə gətirib.
Rayon rəhbəri teatr kollektivini ugurlu çıxışlarına görə səmimi qəlbdən təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayaraq, kollektivə rayon icra hakimiyyətinin təşəkkürnaməsini və xatirə hədiyyəsi təqdim edib.