“Heydər Əliyev İli-2023”: Tərtərdə “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Festivalda ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə tərbiyə alan uşaqlar iştirak ediblər.
Tədbirə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Yap rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, ümümtəhsil məktəblərinin, məktəbəqədər və məkktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri, KİV nümayəndələri və valideynlər də qatılıblar.
Əvvəlcə tədbir iştirakçıları Köçərli kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Minayə Həsənlinin Ümummilli Liderə həsr olunmuş rəsm sərgisi ilə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Olimpiya İdman Kompleksində davam edən tədbirdə əvvəlcə Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra festival iştirakçılarını təbrik etmək üçün söz rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova verilib. Rayon rəhbəri uşaqları Umummilli Liderin 100 illik yubileyi və 1iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbik edib, onlara uzun ömür, can sağlığı, aydın səma və firavan həyat arzulayıb.
İcra başçısı öz çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyev “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”,-deyirdi.
Bəli, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir.
Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Hətta regionlarda ən ucqar kəndlərdə də uşaq bağçaları fəaliyyət göstərir.
Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilməlidir”-müdrik kəlamı uşaqlara olan məhəbbətin ən gözəl təzahürüdür.
Rayon rəhbəri öz çıxışında 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixindən də danışıb. Bildirib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də iyunun 1-i tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu böyük rəhbərin uşaqlara olan sevgisini, humanist ideyalarını layiqincə yaşadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Təbrikdən sonra festival başlayıb. Uşaqlar bir-birindən maraqlı rəqs və musiqi nömrələri ifa edib, şeirlər söyləyib, fləşmoblar göstəriblər.
Sonda festivalda fəal iştirak edən kollektivlərə rayon icra hakimiyyəti başçısının təşəkkürnamələri təqdim olunub.